ARTİ tərəfindən 13 mart 2023-cü il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin Azərbaycan dili və ədəbiyyat müəllimləri ilə təhsilverənlərin sertifikatlaşdırılma imtahanına dair məlumatverici görüş keçirilib. Görüş Bakı şəhəri Binə qəsəbəsində yerləşən 88 nömrəli tam orta məktəbdə baş tutub.
Görüşdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva müəllimlərə sertifikatlaşdırılma ilə bağlı məlumat verib və görülən dəstək tədbirlərinin əhəmiyyətini vurğulayaraq təhsilverənlərə uğurlar arzu edib.
Daha sonra ARTİ MDPİM-in direktoru Nəzakət Mehdiyeva və İRM-in direktoru Nurlan İsmayılbəyli çıxış edərək sertifikatlaşdırılmanın mərhələləri, məzmunu ilə bağlı məsələlər barədə fikirlərini bölüşüb, sertifikatlaşdırılmanın nəticələrinin təhsilverənlərin karyera inkişafında, əməyin stimullaşdırılması tədbirlərində nəzərə alınacağını diqqətə çatdırıb və
müəllimləri maraqlandıran sualları cavablandırıb.
Görüşdə iştirak edən fənn və metodika üzrə mütəxəssislər sertifikatlaşdırılmanın qiymətləndirmə çərçivəsini izah edib, sonda müəllimlərin məzmunla bağlı suallarını cavablandırıblar.
Qeyd edək ki, ARTİ təhsilverənlərin sertifikatlaşdırılması imtahanı üçün müəllimlərə dəstək məqsədilə bütün ölkədə mütəmadi olaraq maarifləndirici görüşlər təşkil edir. Bu vaxta qədər Şərqi-Zəngəzur, Şirvan-Salyan, Abşeron-Xızı Regional Təhsil İdarələrinin tabeliyində olan ümumi təhsil müəssisələrinin müəllimləri ilə görüşlər keçirilib.