“MathCamp 2022” riyaziyyat üzrə tələbələrin yaz düşərgəsi keçiriləcək

Tarix: 11.04.2022
Paylaş:

29 aprel – 3 may 2022-ci il tarixlərində ARTİ və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Quba rayonunda tələbələrin yaz düşərgəsi təşkil ediləcək. 

Düşərgədə ali təhsil müəssisələrinin riyaziyyat və texniki ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kurs tələbələri, həmçinin magistratura səviyyəsi üzrə təhsil alanlar iştirak edə bilərlər.

Düşərgədə iştirak etmək istəyən tələbələr 20 aprel 2022-ci il tarixinədək https://anket.edu.az/link/179  linki vasitəsilə qeydiyyatdan keçməli və ali riyaziyyat üzrə baza biliklərin (“Riyazi analiz”, “Cəbr və ədədlər nəzəriyyəsi” fənləri üzrə) yoxlanılması məqsədilə təşkil olunacaq test imtahanında uğur qazanmalıdırlar. Test imtahanının 23-24 apreldə keçirilməsi nəzərdə tutulur.

Düşərgə çərçivəsində tələbələrə qeyd olunan istiqamətlərdə təcrübəli müəllimlər tərəfindən xüsusi hazırlanmış təlimlər təşkil ediləcək. İştirakçıların əylənərək öyrənməsi və asudə vaxtın səmərəli təşkili məqsədilə düşərgədə, həmçinin, müxtəlif idman və bilik yarışları təşkil olunacaq.

Qeyd edək ki, düşərgənin keçirilməsində məqsəd tələbələr arasında ali riyaziyyat sahəsinə olan marağın artırılması, riyaziyyatın yeni texnologiyalar və süni intellekt sahəsində tətbiqi dairəsinə dair məlumatların verilməsi və tələbələrin riyazi biliklərinin gücləndirilməsidir.