“MathCamp 2023” və “EduCamp 2023” tələbə düşərgələri yekunlaşıb!

Tarix: 29.03.2023
Paylaş:

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə 22-26 mart 2023-cü il tarixlərində Quba rayonunda riyaziyyat, fizika və əlaqəli ixtisaslarda təhsil alan tələbələr üçün keçirilən “MathCamp 2023” və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzinin tərəfdaşlığı ilə təhsilin idarə edilməsi və pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələr üçün keçirilən “EduCamp 2023” tələbə düşərgələri uğurla yekunlaşıb.

Bağlanış mərasimində iştirak edən Elm və Təhsil Nazirliyinin nümayəndəsi Səbuhi Rzayev tələbələrdə yeniliklərə qarşı yaradıcı təfəkkür və açıq düşüncə tərzini formalaşdırmaq, yeni dostluqlar qazanmaq, eyni zamanda, asudə vaxtı daha səmərəli keçirmək baxımından düşərgə formatında keçirilən layihələrin vacibliyini vurğulayıb.

Daha sonra “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin sədri Leyla Zeynalova gənc tələbələrin innovativ potensialını stimullaşdırmaq, onların elmi və nəzəri biliklərini artırmaq və bu sahədə praktiki biliklərinin gücləndirilməsi məqsədi ilə keçirilən düşərgələrin əhəmiyyətindən bəhs edib.

Beş gün ərzində davam edən “EduCamp 2023” düşərgəsi ərzində elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzinin direktoru Nəzakət Mehdiyeva, Bakı Slavyan Universitetinin prorektoru Ənvər Abbasov, psixoloq, 157 saylı orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Sevinc İsmayılova, ARTİ-nin Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov, korreksiyaedici pedaqoq, ADBTİA-nın müəllimi Aynur Abdullayeva, ARTİ-nin direktor müavini Ülkər Babayeva, Quba-Xaçmaz Regional təhsil idarəsinin müdiri Rüfət Hacıyev və ADPU-nun Strateji İnkişaf məsələləri üzrə prorektor Könül Pirverdiyeva təqdimatında müxtəlif mövzularda informativ sessiyalar təşkil olunub.

“MathCamp 2023” düşərgəsi ərzində isə Xəzər Universitetinin riyaziyyat müəllimi, Riyaziyyat üzrə AMEA-da PHD Vüsal Osmanov, BDU-nun Mexanika-riyaziyyat fakültəsinin müəllimi, riyaziyyat üzrə fəlsəfə doktoru Səbuhi Abdullayev, ADA Universiteti Biznes İnstitutunda Riyaziyyat üzrə baş müəllim Ruslan Müslümov, New York Universitetinin Courant Riyazi Elmlər İnstitutunun məzunu, ADA Universitetinin riyaziyyat və statistika fənləri üzrə müəllimi İsmayıl Cəfərov, ADNSU-nun “İnformasiya texnologiyaları və idarəetmə” fakültəsinin elmi işlər üzrə dekan müavini Rəşad Tağıyev, Şamaxı Astrofizika Rəsədxanasının doktorantı Cənnət Səmədovun təqdimatında məlumatverici sessiyalar təşkil edilib.

Qeyd edək ki, düşərgənin ikinci günü Azərbaycan Respublikası elm və təhsil naziri Emin Əmrullayev “EduCamp 2023” və “MathCamp 2023” düşərgələrinin iştirakçıları ilə görüşüb. Tələbələrə öz tövsiyələrini verən elm və təhsil naziri görüşün sonunda düşərgə iştirakçılarını maraqlandıran sualları cavablandırıb və onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.

Düşərgə çərçivəsində məşqçi-müəllimlər və idman mütəxəssislərinin dəstəyi ilə bədən tərbiyəsi dərsləri, voleybol turnirləri, futbol və stolüstü tennis yarışları, “Nə? Harada? Nə zaman?” və Breyn-rinq formatlarında intellektual oyunlar, əyləncəli fəaliyyət, musiqi axşamları və Quba rayonunun Çənlibel gölünə ekskursiya təşkil olunub.