Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start verildi

Tarix: 10.04.2023
Paylaş:

Bu gündən etibarən dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin elektron sənəd qəbulu mərhələsinə start verilir. Müsabiqənin elektron sənəd qəbulu mərhələsi 10-17 aprel tarixlərini əhatə edəcək. Namizədlər 17 aprel saat 11:00-dək www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, namizədlər müəllimlərin işə qəbulu üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirilmədə iki və ya daha çox sayda iştirak ediblərsə, onların üstünlük verdikləri balla müsabiqəyə qatılmaq hüququ var. Namizədlərə qeydiyyatdan keçərkən və sənədləri yükləyərkən diqqətli olmaq tövsiyə edilir.

Müsabiqə şərtlərinə uyğun olaraq, sosial amillərlə bağlı elektron ərizəyə aşağıdakı sənədlər yüklənilməlidir:

Əri və ya arvadı hərbçi olduqda:

– nikah haqqında şəhadətnamənin surəti;

– ər və ya arvadın hərbçi olduğunu təsdiq edən vəsiqə və ya arayışın surəti.

Şəhid ailəsi üzvü olduqda:

– şəhid ailəsi üzvü olduğunu təsdiq edən sənəd və ya vəsiqənin (doğum haqqında şəhadətnamənin) surəti;

İş yerini faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirdikdə:

– həmin ərazidə yaşadığını və ya qeydiyyatda olduğunu təsdiq edən sənədin surəti.

Yuxarıda qeyd olunan şərtləri ödədikdə:

– Sosial amilləri təsdiq edən bütün sənədlərin surəti.

Qeyd olunan amilləri təsdiq edən sənədlərin hər birini bir vahid faylda toplayaraq elektron ərizənizə yükləməyiniz tələb olunur.

Elektron ərizələrin qəbulu mərhələsi başa çatdıqdan sonra müsabiqənin növbəti – vakansiya seçimi mərhələsi barədə ictimaiyyətə məlumat veriləcək.

Yerdəyişmə müsabiqəsi iştirakçılarına uğurlar arzulayırıq!