ARTİ-nin Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi (MDPİM) Məktəbin İnkişaf Planı (MİP) üzrə ibtidai sinif müəllimləri ilə görüş təşkil edib.
14 aprel tarixində keçirilən görüş ibtidai siniflər üçün Azərbaycan dili dərsliklərinin müəllif və tərtibçilərindən olan Rafiq İsmayılov və ARTİ-nin MİP üzrə əməkdaşlıq etdiyi məktəblərin ibtidai sinif müəllimlərinin iştirakı ilə baş tutub. 35 nömrəli tam orta məktəbdə təşkil olunan görüşdə ARTİ MDPİM tərəfindən metodik dəstək göstərilən məktəblərin (18, 35, 38, 51 75, 154, 173, 178, 227, 301, 159, 162, 242, 260, 265, 238, 91, 284, 276 və 111 nömrəli tam orta məktəblər) 125 ibtidai sinif müəllimi iştirak edib.
Görüşün məqsədi tədris prosesində ibtidai sinif müəllimlərinin Azərbaycan dili dərsliklərindən istifadə zamanı qarşılaşdıqları çətinliklər və həmin məqamların aydınlaşdırılaraq aradan qaldırılması olub.
Görüşdə şagirdlərin oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi, mətn üzrə iş strategiyaları, məzmun xətləri üzrə alt-standartların reallaşdırılması və təlim məqsədinə uyğun tapşırıqların seçilməsi istiqamətində müzakirələr aparılıb. Eyni zamanda, müəllimləri maraqlandıran suallar cavablandırılıb və onların təklifləri dinlənilib.