Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) birgə fəaliyyət planı əsasında ARTİ Bakı şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ), Lənkəran-Astara Regional Təhsil İdarəsi, Qarabağ Regional Təhsil İdarəsi və Şərqi Zəngəzur Regional Təhsil İdarəsi ilə birgə “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi” adlı pilot layihənin II mərhələsinin icrasına başlayır.
Sözügedən layihə əsasında Bakı şəhəri üzrə 15 məktəb, Lənkəran şəhəri və Ağcabədi rayonu üzrə hər birində 5 məktəb, eləcə də Zəngilan rayon Ağalı kənd məktəbi olmaqla 26 ümumtəhsil müəssisəsində Uşaq Müdafiəsi və Təhlükəsizliyi (UMT) mexanizminin yaradılması nəzərdə tutulur. Məqsəd həmin mexanizm nəticəsində məktəblərdə yaradılacaq UMT komandalarının uşaq təhlükəsizliyi konsepti və prosedurları üzrə bacarıqlarının artırılması, eləcə də şagirdlərin, valideynlərin və məktəb heyətinin mexanizm haqqında məlumatlandırılmasıdır.
Bu məqsədlə, ilk öncə mütəxəssislər tərəfindən yeni seçilmiş məktəblərdə UMT komandalarına müvafiq təlimlər keçiriləcək. Bundan başqa, pilot məktəblərin valideyn və sinif rəhbərləri ilə UMT mexanizminə dair maarifləndirici görüşlər aparılacaq. Layihənin növbəti mərhələsində həmin ümumtəhsil müəssisələrində prosesin mütəmadi şəkildə superviziya olunması və sosial video çarxın hazırlanması nəzərdə tutulur.
Qeyd etmək lazımdır ki, adıçəkilən layihənin I mərhələsi çərçivəsində UMT mexanizminin yaradıldığı Bakı şəhəri üzrə 25 pilot məktəbdə mütəxəssislər tərəfindən mütəmadi superviziya davam etdiriləcək.