Davranış pozuntusu

Tarix: 19.04.2023
Paylaş:

 

Davranış pozuntuları müxtəlif psixi və fiziki səbəblərdən dolayı uşağın daxilində baş verən konfliktləri davranışlarına yansıtması nəticəsində meydana gəlir. Hər bir yaş dövrünün özünəməxsus çətinlikləri vardır. İnkişafın özü ilə gətirdiyi çətinliklərlə yanaşı, uşağın həyatında baş verən gözlənilməz dəyişikliklərin və neqativ hadisələrin də davranışlara böyük təsiri var. Bunlara yaşayış yerini, məktəbi dəyişdirmək, yeni bacı və ya qardaşın doğulması, ailə fərdlərindən birinin ölümü, ana-atanın boşanması və s. kimi hadisələr aiddir. Uşaqlar böyüklərin malik olduğu güclü iradəyə, idrak bacarıqlarına, həyat təcrübələrinə sahib olmadıqları üçün valideynlərin dəstəyi olmadan bunların öhdəsindən asanlıqla gələ bilməzlər və adaptasiya olmaqda çətinlik çəkərlər. Ailə və sosial mühiti tərəfindən sevilən, dəstək görən, özgüvəni formalaşdırılmış uşaqlar isə belə hallara asanlıqla uyğunlaşa bilirlər. Adaptasiya olana qədər uşaqda görülən davranış problemləri keçici, eyni zamanda, uşağın sosial inkişafı üçün faydalı hesab olunur.

Özünəinamlı olmaq, sağlam bir şəxsiyyət kimi formalaşmaq üçün uşağın güvənli, sevgi dolu, pozitiv bir mühitə ehtiyacı var. Bu cür mühiti tapa bilməyən uşaq heç kimin onu sevmədiyini düşünür, ətrafındakı insanlara, baş verən hadisələrə şübhə ilə yanaşır, qarışıq hisslər keçirərək depressiyaya düşür, çevrəsi ilə adaptasiyası pozulur. Böyüklərin diqqətini çəkmək üçün yaşına və olduğu mühitə uyğun olmayan davranışlar sərgiləyir.

Uşaqlarda daha çox bu davranış pozuntuları müşahidə olunur:

ü  Qarşı gəlmək, qaydalara riayət etməmək;

ü  İnadkarlıq;

ü  Aqressiya;

ü  İnsanlara, heyvanlara və əşyalara zərər vurma;

ü  Yalan danışmaq;

ü  Dırnaq yemə;

ü  Oğurluq etmək;

ü  Söyüş söymək;

ü  Enurez/Enkoprez;

ü  Məktəb fobiyası;

ü  Diqqət əksikliyi və hiperaktivlik;

ü  Tiklər.

Uşağın hərəkətlərinin davranış pozuntusu olduğunu demək üçün aşağıdakı xüsusiyyətlərə diqqət etmək lazımdır:

1. Yaşa uyğunluq: Davranışın yaşa uyğun olub-olmadığına qərar verərkən hər bir yaş dövrünün xüsusiyyətlərini bilmək lazımdır. Məsələn, 3-5 yaşlı uşaqlardan xəyal dünyaları zəngin olduğu üçün inanılmaz hekayələr eşidə bilərik. Bu yaşda onlar gerçəklə gerçək olmayanı ayırd edə bilmirlər. Buna görə danışdıqları yalan sayılmır. Ancaq 11-14 yaşındakı uşaqların gerçək olmayan hadisələrdən danışması normal olmayan bir davranış olaraq qəbul edilir.

Erkən uşaqlıq dövründə olan uşaqların başqalarının əşyalarını icazə almadan mənimsəməsi tez-tez müşahidə olunan bir haldır. 6-7 yaşına qədər uşağın bu cür hərəkətləri oğurlamaq olaraq qəbul edilməməlidir. Çünki bu dövrdə mülkiyyət anlayışı hələ formalaşmamış olur.  Ancaq bu dövrdən sonra uşağın özünə aid olmayan əşyaları mənimsəməsi oğurlama olaraq qəbul edilə bilər. 

2. Normadan artıqlıq:  Uşağın emosional reaksiyasının və davranışının şiddətinin normadan çox olub-olmadığına fikir vermək lazımdır. 5 yaşlı uşağın qıcıqlandığı zaman aqressivləşməsi, dalaşması normal haldır. Ancaq bu aqressiya ətrafına zərər verəcək qədər şiddətlidirsə, uşağın bu davranışı problem olaraq ələ alınmalıdır.

3. Davamlılıq: Davranış uzun müddət ərzində təkrar edilirsə, normal hesab olunmur.

Davranış pozuntularının təməl səbəbləri:

Diqqət çəkmək istəyi: Lazımi sevgi və diqqət göstərilmədikdə və ya kifayət qədər vaxt ayrılmadıqda uşaq böyüklərin diqqətini çəkmək üçün problemli davranışlar sərgiləyir.

İntiqam almaq istəyi: Sevgi görməyən, tez-tez fiziki olaraq cəzəlandırılan uşaqlarda valideynlərindən intiqam almaq istəyi yarana bilər. Həddindən artıq avtoritar münasibət, sərt disiplin  uşağın ata-anasına  qarşı qəzəb və nifrət hissləri bəsləməsinə, bununla birlikdə üsyankar olmasına səbəb olar.

Natamamlıq hissi: Uşağın özünə qarşı inamsız olması davranış pozuntusunun səbəblərindən biridir. Həddindən artıq qoruyucu ya da tolerant valideynlər tərəfindən böyüdülən uşaq normadan daha çox diqqət gördüyü üçün başqalarından asılı, yetərsiz və həssas biri olar.

       Bunlardan əlavə yoldaşları tərəfindən bəyənilmək, təsdiqlənmək, böyükləri təəccübləndirmək istəyi, manipulyasiya etmək, böyümə arzusu, özünü müdafiə etmə ehtiyacı, zəruri ehtiyacların ödənilməməsi, fizioloji problemlər, genetika, sosial medianın zərərli təsirləri, negativ rol-model ilə böyümək davranış pozuntusunun səbəbləri hesab olunur.

Davranış pozuntusu olan uşaqla düzgün münasibət:

Qarşılıqlı hörmət. Danlamaq, vurmaq, susdurmaq, münasibətdə davamlı olmamaq uşağa ona hörmət edilmədiyi mesajını verir. Hər bir valideyn övladına hörmət etməyi bacarmalıdır. Hər uşaq ayrı bir fərd olaraq qəbul edilməli və fikirlərinə hörmət edilməlidir.

Uşağa vaxt ayırmaq. Birlikdə keçirilən vaxtın kəmiyyəti yox, keyfiyyəti önəmlidir. Bu vaxt ərzində uşağın sevdiyi fəaliyyətlə məşğul olmaq daha faydalı olar.

Cəsarətləndirmək. Əgər ata-ana, eyni zamanda müəllim  uşağın özünəinamlı olmasını istəyirsə, ilk növbədə özləri uşağa qarşı inamlı olmalıdır. Uşağın hər bir cəhdini təqdir etməyi və ürəkləndirməyi bacarmalıdır.

Sevildiyini hiss etdirmək. Uşağın özünü güvəndə hiss etməsi üçün sevildiyini bilməsi və sevməyi bacarması önəmlidir.

Uşağa yaşına uyğun səlahiyyət vermək onda nailiyyət hissinin yaranmasına səbəb olar. Bununla birlikdə uşaq üzərindəki məsuliyyəti dərk etdikcə mənfi davranışlarının yerini müsbət davranışlar alar. Bu müddət ərzində valideynlər və müəllimlər uşağa müsbət rol-model olmalıdırlar.

Uşaqda mənfi davranışlar görülmədiyi zaman onunla daha çox maraqlanmaq lazımdır.  Çünki daha çox mənfi davranışları müşahidə edildiyi zaman diqqət görən uşaqların mənfi davranışları möhkəmlənib arta bilir.

Davranış pozuntusu olan uşaqla terapiya zamanı ünsiyyət bacarıqları, problem həlletmə, impulsivliyi, emosiyaları (xüsusilə, qəzəb) idarəetmə kimi mövzular üzərində işlənilməlidir. Uşaqla birlikdə valideynlərin də münasibət və davranışları tənzimlənməlidir. Çünki yuxarıda da qeyd olunduğu kimi, valideynlərin münasibətinin uşağın davranışlarına böyük təsiri var. Buna görə də valideynlər mütləq şəkildə prosesə daxil edilməli və maarifləndirilməlidir.

Uşağın davranışına qoyulan qaydalar, sərhədlər aydın və konkret olmalıdır.

Mənfi davranışları azaltma yolları:

1.      Əməllə sözün bir olması: sözlərinizlə davranışlarınız bir-birinə uyğun olmalıdır.

2.      İstəyindən məhrum etmə: Məsələn, “Dostunu vurduğun üçün tənəffüsdə həyətə çıxmayacaqsan”; “Tapşırığını etmədiyin üçün axşam parka getməyəcəyik”.

ü  Bunu mənfi davranışdan dərhal sonra tətbiq edin

ü  Niyə istəyindən məhrum etdiyinizi  mütləq açıq bir şəkildə bildirin.

ü  Davamlı olun, təslim olmayın.

3.      Mənfi davranışına fikir verməmək:

Bunu nə zaman etmək olar?

ü  Uşağın məqsədi diqqət çəkmək, ya da istədiyi şeyi etdirməkdirsə;

ü  Bu davranışı özünə, ya da başqasına zərər vermirsə.

Tətbiqi:

·         Bir müddət uşağa diqqət etməyi dayandırın.

·         Onunla mübahisəyə girməyin, danışmayın və danlamayın.

·         Uşağa tərəf baxmayın.

·         Əsəbləşdiyinizi hiss etdirməməyə çalışın.

·         Başqa bir işlə məşğul olduğunuzu göstərin, mümkündürsə, otaqdan çıxın.

·         Davranışını dayandırdıqdan sonra uşağa diqqət göstərin.

4.      Mükafatlandırma:

Uşaq müsbət davranışından dərhal sonra sevdiyi şeylə mükafatlandırılmalı və mütləq mükafatı alma səbəbi açıqlanmalıdır. Mükafat uşağın böyük gözləntisi olmalı, yəni təsadüfən və  rahatlıqla əldə edilə biləcək bir şey olmamalıdır. Uşaqda görmək istədiyiniz müsbət davranışı özünüz və uşaq üçün dəqiqləşdirin. Məsələn, tapşırıqları vaxtında yerinə yetirmək. Mükafatı və bu mükafatı əldə etmək üçün lazım olan xalı müəyyənləşdirin.

Mükafat: Sevdiyi yerə gəzintiyə getmək.                     

Xal: 7 xal

Uşaq hər tapşırığı vaxtında etdiyi zaman 1 xal qazansın. Xalları toplayıb bitirdikdən dərhal sonra mükafat verilməlidir.

Mükafatın böyüklüyü  azdan çoxa doğru olmalıdır. Məsələn, yuxarıda verilən mükafat 1 həftə ərzində əldə edilə bilər. Ancaq davranışın daha çox möhkəmlənməsini istəyirsinizsə, daha böyük mükafat təklif edin. Bu bir velosiped ola bilər. Bunun üçün uşaq 1 ay ərzində xal toplamalıdır.  Xal sistemi mütləq uşağa açıq-aydın izah olunmalıdır.

Mükafatlandırma metodunu ya cədvəl yaradaraq, ya da kiçik uşaqlarla xalların qarşılığında  muncuq (başqa kiçik bir simvolik əşya ola bilər) toplayaraq tətbiq edə bilərsiniz.

Davranışları idarə edərkən tez-tez edilən səhvlər:

          Mükafatı davranışdan əvvəl vermək ya da mükafatı rüşvətə çevirmək;

          Valideynin və ya müəllimin uşaqdan pozitiv davranış gözlədiyi halda müsbət rol-model olmaması;

          Uşağın davranışlarına qarşı davamsız reaksiyalar;

          Gözləntilər və qoyulan sərhədlər  mövzusunda ailə içində və ailə ilə məktəb arasında uyğunsuzluğun olması;

          Gözlənilən müsbət davranışın yerinə, istənməyən mənfi davranışı dilə gətirmək: “Sinif yoldaşlarınla mehriban ol” demək əvəzinə, daha çox “Sinif yoldaşlarınla dalaşma” demək.

 

Cəmilə Həsənova

ARTİ MDPİM, Əlavə təhsilin məzmunu şöbəsinin mütəxəssisi

 

İstifadə olunan mənbə:

Ayık N. “Çocuklarda görülen davranış bozuklukları” //Artvin: Artvin Rehberlik ve Araştırma Merkezi Müdürlüğü, 2004, 44 s.