Məktəbdaxili qiymətləndirmə nəticələrindən istifadə

Tarix: 03.05.2023
Paylaş:

Qiymətləndirmənin mahiyyəti şagirdlərin təlim nailiyyətlərini bal və ya faizlə əks etdirmək deyil, onların təlim nəticələrinə çatmasına mane yaradan amilləri aradan qaldırmaq üçün kömək əldə etmək imkanı yaratmaqdır.

Bildiyimiz kimi məktəbdaxili qiymətləndirmənin 3 növü mövcuddur: diaqnostik, formativ və summativ (kiçik və böyük) qiymətləndirmə. Məktəblərimizdə adını çəkdiyimiz qiymətləndirmə növlərinin hər birindən istifadə olunur. Bəs onların nəticələrindən məqsədəuyğun istifadə olunurmu?

Ümumilikdə, qiymətləndirmənin nəticələri öyrənmə və tədrisi təkmilləşdirmək, şagirdlərlə əks əlaqə yaratmaq və şagird nailiyyətlərini tanımaq üçün istifadə edilə bilər.

Diaqnostik qiymətləndirmənin nəticələrindən istifadə. Diaqnostik qiymətləndirmə ilkin qiymətləndirmə olmaqla müəllimə şagirdlərin bilik və bacarıqlarının mövcud vəziyyətini, güclü və zəif tərəflərini müəyyənləşdirməyə imkan verir. Qiymətləndirmənin bu növü hər dərs ilinin, yarımilin, bölmənin əvvəlində və ya uşaq məktəbə yeni gəldiyi zaman (həmçinin müəllim özü də, əgər, məktəbə yeni gəlibsə) keçirilir. Diaqnostik qiymətləndirmə müəyyən bir bala və ya düzgün cavabların sayını nəzərdə tutan bir rəqəmə, qiymətə əsaslanmır və şagirdlərin yekun qiymətləndirməsinə təsir etmir.

Diaqnostik qiymətləndirməni effektiv aparmaqla müəllim şagirdlərin gələcək bölmə,  yarımildə formalaşdırılması nəzərdə tutulan bacarıqlar ilə bağlı nələri bildiklərini və nələrin öyrənilməsinə ehtiyac olduğunu dəqiqləşdirə bilir. Şagirdlərin artıq nəyi bildiyini, nəyi bilmədiyini, digər şagidlərlə müqayisədə təlim nailiyyətlərinə görə hansı səviyyədə olduğunu müəyyən edən, onların təlim nailiyyətlərini inkişaf etdirməyin yollarını tapan müəllim illik planlaşmasında redaktələr edir, cari planlaşmasını hazırlayarkən bu məlumatları nəzərə alır, dərsdə bütün şagirdlərə diferensial yanaşmanın təmin edilməsinə çalışır.  Nümunəyə nəzər salaq.

 

1-ci sinif üçün riyaziyyat fənnindən 1.1.4 alt standartının iki dəfə, “Sıra sayları” və “10-na qədər sayma” mövzularında reallaşdırılması planlaşdırılıb. 2-ci yarımilin əvvəlində müəllim diaqnostik qiymətləndirmə aparır və bu alt standartdakı bacarıqların formalaşdırılmasında problemlər olduğu aşkarlanır. Bu zaman müəllim illik planlaşmasında dəyişiklik edərək 1.1.4 alt standartını digər mövzularda da reallaşdırır.

 

Başqa bir nümunəyə nəzər yetirək. Məsələn, müəllim fizika dərsindən dərs ilinin əvvəlində diaqnostik qiymətləndirmə keçirir. Qiymətləndirmənin nəticələrinə əsasən sinifdəki 25 nəfər şagirddən 5-i yüksək, 15-i orta, digər 5 nəfəri isə aşağı nəticə göstərib. Bu zaman müəllim illik planlaşdırmasını, tapşırıqlarını həmin 5 nəfər aşağı nəticə göstərmiş şagirdi digərlərinə çatdırmaq üçün hazırlasa, 5 nəfər yüksək nəticə göstərmiş şagird üçün fizika dərsi maraqsız olacaq. Çünki onlar həmin məlumatları artıq bilirlər və təlim prosesi onları cəlb etməyəcək. Buna görə də diaqnostik qiymətləndirmə nəticələrindən istifadə edərək təlim prosesini sinifdəki 25 nəfərin hər biri üçün maraqlı, öyrədici mühitə çevirmək olar.

 

 

Diaqnostik qiymətləndirmə müəllimlər üçün dəyərli alətdir, çünki bu qiymətləndirmə növü şagirdlərin güclü və zəif tərəfləri haqqında məlumat verir və bu, müəllimin gələcək fəaliyyətini istiqamətləndirməyə kömək edir. Şagirdlərin əlavə dəstəyə və ya təlimata ehtiyacı olduğu sahələri müəyyən etməklə müəllimlər hər bir şagirdin fərdi ehtiyaclarına cavab verən dərslər və fəaliyyətlər tərtib edə bilərlər.

 

Formativ qiymətləndirmənin nəticələrindən istifadə. Formativ qiymətləndirmə təhsilalanların hər bir fənn üzrə təhsil proqramında müəyyənləşdirilmiş məzmun standartlarının mənimsənilməsinə yönəlmiş fəaliyyətlərini izləmək, bu prosesdə onun qarşısına çıxan çətinlikləri müəyyən edib onları aradan qaldırmaq məqsədilə aparılır. Yəni formativ qiymətləndirmə şagirddən cavab alıb, bu məlumatı düzgün şərh edərək şagirdin təlim səviyyəsini müəyyənləşdirmək, onu irəliyə aparmaq və bunu ən yaxşı şəkildə necə etməyə qərar vermək prosesidir. Formativ qiymətləndirmə şagird nailiyyətlərinin monitorinqi vasitəsilə tədrisin düzgün istiqamətləndirilməsinə xidmət edir. Formativ qiymətləndirmə -“Şagirdin hədəfi nədir?”, yəni “Şagird nəyi öyrənəcək?” və “Şagirdin mövcud vəziyyəti necədir?”, “Hal-hazırda öyrənməli olduğu məsələdən nə qədər xəbərdardır?” – suallarına cavab tapmağa xidmət edir.

Bu suallara cavab tapan müəllim növbəti dərsin gündəlik planlaşmasını hazırlayarkən hansı şagirdlərdə geriləmələrin olduğunu, həmçinin bunun aradan qaldırılması üçün hansı üsul və vasitələrdən istifadə edəcəyini müəyyənləşdirmiş olur. Formativ qiymətləndirmənin nəticələrindən istifadə ilə bağlı bir nümunəyə nəzər salaq. Məsələn, tarix fənnindən dərs prosesi zamanı müəllim formativ qiymətləndirmə aparılır. Gündəlik planlaşmada 3.1.2 – Feodal dövlətlərin oxşar və fərqli cəhətləri ilə bağlı cədvəl və diaqramlar hazırlayır –  alt standartı üzrə bacarıqların formalaşdırılması nəzərdə tutulmuşdur. Bildiyimiz kimi bir çox formativ qiymətləndirmə (sual-cavab, müşahidə (formal və qeyri-formal), özünüqiymətləndirmə, yoldaş qiymətləndirməsi, rubrik, 3-2-1, çıxış bileti, rəyvermə və s.) üsulları vardır. Müəllim bu dərsdə qiymətləndirmə üsulu kimi sual-cavabı seçir. Əvvəlcədən bunun üçün qiymətləndirmə vasitəsi hazırlayır. Sual-cavab üsulu ilə qiymətləndirmə etdikdən sonra aydın olur ki, X adlı şagird feodal dövlətlərinin fərqli və oxşar cəhətlərini müqayisə edə bilmir. Müəllim bu nəticədən istifadə edərək şagirdə konstruktiv rəy verir. Məsələn, Sacilər dövlətinin xarici siyasətini düzgün analiz etdin. Rəvvadilər dövləti haqqında da məlumatlı olsan, iki dövlətin fərqli və oxşar cəhətlərini müqayisə edə bilərsən.

Qeyd: Məlumdur ki, bir dərsdə 5-8 nəfəər şagirdin formativ qiymətləndirilməsi məqsədəuyğundur. Lakin bu o demək deyil ki, müəllim yalnız bu şagirdlər haqqında rəylərini formativ qiymətləndirmə dəftərinə qeyd edir. Müəllim özünün formativ qiymətləndirmə dəftərində (hər hansı bir vasitə) istənilən sayda şagirdlə bağlı rəylərini qeyd edir. Müəllim bu rəylərə nəzər salmaqla hansı şagirdin nəyi bilib, nəyi bilmədiyini, hansı bacarıqlara yiyələndiyini, hansının formalaşdırılmasına ehtiyac olduğunu müəyyən edə bilir. Bununla da növbəti dərs üçün tapşırıqların seçilməsində,  sualların hazırlanmasında əvvəlcədən yazdığı qeydlər müəllimin köməyinə çatır.

Summativ qiymətləndirmənin nəticələrindən istifadə. Summativ qiymətləndirmə mövzu, bəhs və bölmənin, həmçinin yarımillərin sonunda keçirilir. Bölmənin sonunda və daxilində keçirilən summativ qiymətləndirmə kiçik summativ qiymətləndirmə (KSQ), yarımillərin sonunda keçirilən summativ qiymətləndirmə böyük summativ qiymətləndirmə (BSQ) adlandırılır. Summativ qiymətləndirmənin məqsədi məktəbin təlim nailiyyətləri haqqında məlumatın toplanmasıdır. Qiymətləndirmənin nəticələrinin peşəkar təhlili və müvafiq tǝdbirlərin müəyyənləşdirilməsi də böyük əhəmiyyət daşıyır. Bu baxımdan ümumi təhsil müəssisəsinin rəhbərliyinin ən vacib məsələlərindən biri də hər yarımilin sonunda BSQ-lərin nəticələrinin detallı təhlil edilməsi, BSQ-lərin KSQ-lərlə müqayisəli təhlil olunması, narahatlıq yaradan məqamların səbəblərinin müəyyənləşdirilməsi və onların aradan qaldırılması üçün real yolların tapılmasıdır.

Diaqnostik qiymətləndirmə dərs ilinin, yarımilin, bölmələrin və s. əvvəllərində aparılır və onun nəticələrindən növbəti addımlarımızda istifadə edə bilirik. Formativ qiymətləndirmə isə dərsin gedişatı zamanı aparıldığı üçün onun nəticələrindən istifadə edib, yerindəcə müdaxilə edərək şagirdi düzgün istiqamətləndirməyə imkan yaradır. Summativ qiymətləndirmə yekun qiymətləndirmə olsa da, onun da nəticələrindən effektiv istifadə etmək mümkündür. Məsələn, coğrafiya fənnindən keçirilən BSQ nəticəsində müəyyən edilir ki, müəyyən sayda şagird bu ilin sonu üçün nəzərdə tutulan təlim nəticlərinə tam çatmayıb. Həmin təlim nəticələrinə çatmadan növbəti tədris ili üçün nəzərdə tutulan nəticələrə çatmaq üçün plan qura bilmərik. Planlaşdırmamızı elə hazırlamalıyıq ki, şagirdlər keçən ilin də təlim nəticələrinə çatsınlar.

 

Hamımıza aydındır ki, müəllimin uğuru şagirdlərinin nəticələri ilə ölçülür. Şagirdin nəticələri isə öz əksini KSQ və BSQ-lərdə tapır. Summativ qiymətləndirmənin nəticələrindən istifadə edərək hər bir müəllim öz hesabatlılığını yoxlaya bilər. Əgər summativ qiymətləndirmənin nəticələrinə görə (fərqi yoxdur KSQ və ya BSQ) şagird nəzərdə tutulan təlim nəticələrinə lazımı səviyyədə çatmayıbsa, müəllim növbəti addımlarını planlayarkən bu informasiyadan öz məqamına uyğun istifadə edir.

 

Summativ qiymtələndirmə nəticələrindən təkcə müəllim yox, eyni zamanda məktəb rəhbərliyi də istifadə edə bilər. Məktəb rəhbərliyi Böyük summativ qiymətləndirmə nəticələrini təhlil edərək şagirdlərin irəliləyişinin harada daha az olduğunu və ya heç olmadığını müəyyən edir. Bu da müəllimlərdəki ümumi peşəkar boşluqları aşkarlamağa kömək edir. Rəhbərlik bu nəticələrdən istifadə edərək hansı müəllimlərin, hansı mövzuda təlim və seminarlara, özünüinkişafa ehtiyacları olduğunu müəyyən edə bilir.

 

Məktəbdaxili qiymətləndirmənin nəticələrindən səmərəli istifadə təkcə müəllimlər üçün yox, həm də valideynlər üçün əhəmiyyətlidir. Bilirik ki, keyfiyyətli təhsil üçün müəllim-valideyn-şagird üçbucağı əhəmiyyətli rol oynayır. Formativ qiymətləndirmədiki gündəlik rəyləri, summativ qiymətləndirmədəki yekun balları nəzərə alan hər bir valideyn övladının nəyi bilibm, nəyi bilmədiyi haqqında məlumatlı olaraq, nəzərdə tutulan təlim nəticələrinə çatmaq üçün müəllimlə əməkdaşlıq edir.

 

 

Yahyalı Cəlalə,  Metodik xidmət şöbəsinin əməkdaşı.

 

Məktəbdaxili qiymətləndirmə nəticələrindən istifadə.pdf