SUAL-CAVAB

Məktəbəhazırlığın uşaqların zehni inkişafına nə kimi təsiri var?

  • Məktəbəhazırlıq təhsilinə cəlb olunmuş uşaqlar cəlb olunmayanlarla müqayisədə daha yüksək akademik göstəricilər əldə edir.
  • Təhsil İnstitutunun araşdırmasına əsasən, məktəbəhazırlığı keçən uşaqlar digərləri ilə müqayisədə Ana dili və riyaziyyat imtahanlarında daha yaxşı nəticə göstərirlər.
  • Məktəbəhazırlıq təhsili uşaqların əqli, fiziki, sosial-emosional və nitq qabiliyyətini, eləcə də kommunikativ, oyun və digər bacarıqlarını inkişaf etdirir.

PIRLS nədir və ümumiyyətlə bu proqramın mahiyyəti nədən ibarətdir?

PIRLS - ümumi təhsil sahəsində dünyada üç əsas qiymətləndirmə proqramlarından biri olub, Oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqa­tdır (Progress in International Reading Literacy Study). Hər 5 ildən bir IV sinif şagirdləri arasında keçirilən PIRLS tədqiqatının əsas məqsədi şagirdləri­n oxu bacarıqlarının qiymətləndirilməsi və nəticələrin digər ölkələrlə müqayisə olunmasıdır. 2016-cı ilin aprel-may aylarında ölkə üzrə 170 ümumi təhsil müəssisələrində PIRLS 2016 tədqiqa­tının əsas mərhələsi keçirilmiş və bütün materiallar PIRLS 2016 tədqiqatını təşkil edən Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (International Association for the Evaluation of Educational Achievement) tədqiqat mərkəzinə göndərilmişdir. Tədqiqatın nəticəsinin 2017-ci il ərzində açıqlan­ması gözlənilir.

Məktəbəhazırlıq qruplarında hansı məşğələlər keçirilir?

  1. Ətraf aləmlə tanışlıq
  2. Savad təliminə hazırlıq və nitq inkişafı
  3. Bədii təfəkkürün inkişafı
  4. Məntiqi və riyazi təfəkkürün inkişafı
  5. Təsviri fəaliyyət
  6. Musiqi
  7. Fiziki mədəniyyət

Məktəbəhazırlıq qruplarında tədris ilinin təşkili necə müəyyənləşdirilib və tətillər olacaqmı?

Məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünüb:

- I yarımil: 1 oktyabr-26 yanvar;

- II yarımil: 1 fevral-31 may.

Dərs ili ərzində aşağıdakı tətillər müəyyən olunub:

- 5 gün payız tətili (16-20 noyabr);

- 5 gün qış tətili (27-31 yanvar);

- 5 gün əlavə tətil (1-5 may).

Respublika fənn olimpiadaları hansı fənlər üzrə və neçənci sinif şagirdləri arasında təşkil edilir? Ümumiyyətlə, olimpiadaların keçirilməsində məqsəd nədir?

Respublika fənn olimpiadaları IX-XI sinif şagirdləri cəlb olunmaqla, Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya,informatika fənləri üzrə təşkil edilir. Olimpiadaların keçirilməsində əsas  məqsəd şagirdlərdə keyfiyyətli təhsil alma, bilklərə marağı artırmaq və özünə inam hisslərini göcləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etmək lə onların potensial imkanlarının inkişafını təmin etmək istiqamətində tədbirlər müəyyənləşdirmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdan ibarətdir.

TIMSS və PISA proqramlarının fərqi nədir?

TIMSS - Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramı (Trends in International Mathematics and Science Study) olub, Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (International Association for the Evalua­tion of Educational Achievement) tərəfindən həyata keçirilən 4-cü və 8-ci sinif şagirdlərinin riyaziyyat və elmi biliklərini qiymətləndirən beynəlxalq bir araşdırmadır. Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı (Programme for International Student Assessment) olan PISA tədqiqatı isə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (Organisation for Economic Co-operation and Development) tərəfindən 3 ildən bir təşkil olunaraq, 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və elm sahələri üzrə məktəbdə qazandığı biliklərdən həyatda, məişətdə qarşılaşdıqları problemləri həll etmək üçün istifadə etmək bacarığını yoxlayır.

Bir məktəbəhazırlıq qrupunda neçə uşaq olacaq?

Məktəbəhazırlıq qruplarında uşaqların sıxlığı aşağıdakı kimi müəyyənləşdiriləcək:

  • qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 10 uşaq;
  • şəhərlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 15 uşaq.
  • Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir.