Mərkəzin yaradılmasında məqsəd təhsildə qərarçıxarma prosesinin tədqiqatların nəticələrinə əsaslanmasının və bu istiqamətə yönəlməsinin təmin edilməsidir. Onun ümumi vəzifəsi ölkədə təhsil tədqiqatlarının aparılmasına, qiymətləndirilməsinə, şərhinə və nəticələrin təcrübədə tətbiq edilməsi üçün təhsil işçilərinə metodik kömək göstərməsinə, yeni təlim metodlarının və pedaqoji texnologiyaların tətbiqinə dəstək verməklə təhsilin keyfiyyətinin yüksəldilməsinə, təhsildə idarəetmə, planlaşdırma və monitorinq bazasını möhkəmləndirməklə ölkənin təhsil siyasətinin formalaşmasına xidmət etməkdir.
Elmi-Pedaqoji Tədqiqatlar Mərkəzinin fəaliyyət istiqamətləri:
· Təhsilin nəzəriyyəsi və tarixi üzrə fundamental və empirik tədqiqatlar;
· Təhsilin bütün pillə və səviyyələri üzrə şəxsiyyətyönümlü məzmunun yaradılması və tətbiqi üzrə nəzəri və praktik tədqiqatlar;
· Təhsilin iqtisadiyyatı və idarə olunması, keyfiyyət təminatı üzrə tədqiqatlar;
· Psixologiya və xüsusi təhsil üzrə tədqiqatlar;
· Pedaqoji kadrların hazırlanması, ixtisasının artırılması və yenidənhazırlanması üzrə tədqiqatlar;
· Distant (məsafədən) təhsilin təşkilinin nəzəri və praktik problemləri üzrə elmi-tədqiqatlar;
· Ümumi pedaqogika, psixologiya və fənlərin tədrisi metodikası ixtisasları üzrə yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanması.
Mərkəzdə tədqiqat mövzuları seçilərkən müasir təhsilin aktual problemləri diqqət mərkəzində saxlanılır. Tədqiqat işləri, əsasən, empirik xarakterli olmaqla, fərdi, qrup və kompleks şəkildə aparılır. Tədqiqat işlərinin nəticəsi jurnal məqaləsi, metodik vəsait, metodik tövsiyə, monoqrafiya şəklində çap olunaraq təhsil müəssisələrinə çatdırılır.
Mərkəzin əməkdaşları Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və institut rəhbərliyinin göstərişi ilə respublikanın şəhər və rayonlarında elmi-metodik tədbirlərin, monitorinq və treninqlərin keçirilməsində fəal iştirak edirlər.