Elm və Təhsil Nazirliyinin təsis etdiyi “Azərbaycan Məktəbi” jurnalının 2024-cü il üçün 2-ci nömrəsi işıq üzü görüb.
Azərbaycan Respublikasının Təhsil İnstitunun təşkilati dəstəyilə 100 yaşlı jurnal artıq 707-ci dəfə oxucuların görüşünə gəlib.
Bu sayda da məqalələrin məzmun və formaca müasir dövrün tələblərinə uyğunlaşdırılması prinsipi gözlənilib. Müasir standartlara, monitorinq və qiymətləndirməyə, müəllim hazırlığında innovativ yanaşmalara, informasiya savadlılığının təhsilin keyfiyyət səviyyəsinin artırılmasına təsirinə, müəllim-tələbə münasibətlərinin elmi-pedaqoji əsaslarına, kadr hazırlığı üzrə beynəlxalq təcrübədən istifadənin əhəmiyyətinə, ekoloji savadlılığa, şagirdi öyrənməyin pedaqoji xarakteristikasına dair elmi-nəzəri, pedaqoji məzmunlu məqalələrə üstünlük verilib.
Jurnalın 2-ci nömrəsində Müseyib İlyasovun “İlkin müəllim hazırlığında innovasiya meyilləri”, Misir Mərdanov, Elçin Əliyev, Ramin Rzayev, Əbülfət Rəhmanov və Xanmurad Abdullayevin “Çoxmeyarlı təhlilin qeyri-səlis metodlarından istifadə etməklə universitet müəllimlərinin fəaliyyət keyfiyyətinin kompleks qiymətləndirilməsi”, Günel Kərimovanın “Veb əsaslı informasiya savadlılığının tənqidi düşüncə konsepsiyaları ilə birləşdirilməsi: Azərbaycan təhsil proqramları üçün tövsiyələr”, Günay Hacızadənin “Ali təhsil müəssisələrinin aşağı kurslarında ingilis dilinin tədrisinin neyrolinqvistik analizi: Azərbaycan nümunəsi” sərlövhəli məqalələri dərc olunub.
Nigar Muradovanın “Ali təhsil sistemində müasir iqtisadiyyatın tələblərinə uyğun kadrların hazırlanması üzrə dövlət sifarişi mexanizminin fəaliyyətinə inteqrasiya yanaşması”, Elçin Qaliboğlunun “Ali məktəbdə müəllim-tələbə münasibətlərinin elmi-pedaqoji əsasları”, Məlahət Əsgərova və Rza Məmmədovun “Müəllimlik peşəsi üzrə kadr hazırlığı: Beynəlxalq təcrübə və Azərbaycan reallığı”, Könül İsgəndərovanın “İngilis dilinin tədrisində ekoloji savadlılıqla bağlı davamlılıq prinsipi” və Yaqub Babayevin “Məhəmməd Füzulinin eşq fəlsəfəsi və onun irfani mahiyyəti” adlı məqalələri də jurnalın bu nömrəsində oxucuların istifadəsinə verilib.
Jurnalın redaksiyasından verilən məlumata görə, pedaqogika, psixologiya elmlərinin praktikaya tətbiqi, klassik pedaqoji fikir və məktəb tariximizin tədqiqi və öyrədilməsi məsələlərinə dair nəzəri-pedaqoji yazılara, təhsilin bütün pillə və səviyyələrinin müasir standartlar əsasında yenilənməsi, habelə təhsil sahəsində dövlət siyasətinin və təhsilə aid qəbul olunan dövlət proqramlarının icrası, fasiləsiz təhsilin həyata keçirilməsi, qabaqcıl təcrübənin öyrənilməsi və təbliği, təhsil strategiyası, təhsil proqramları, insan kapitalının stimullaşdırılması və s. ilə bağlı məqalələrin nəşrinə də tələbat var. Odur ki, respublikamızın elm və təhsil ictimaiyyəti bu məsələdə redaksiya ilə əməkdaşlığa dəvət olunur.
“Azərbaycan Məktəbi”ndə dərc olunması planlaşdırılan məqalələrə qoyulan tələblərlə jurnalın saytında tanış olmaq mümkündür.